Ciddi maliyyə və istehsalat çətinlikləri ilə üzləşən “Boeing” korporasiyası külli miqdarda səhm buraxmaqla problemlərin həllinə çalışır.
AZƏRTAC xəbər verir ki, şirkət 13,9 milyard dollar dəyərində 90 milyon ədəd adi səhm buraxacaq. Bu qiymət korporasiyanın birja dəyərinin 15 faizidir. Məqsəd şirkətin 12 milyard dollara çatan borcunu ödəməkdir. Bu açıqlamadan dərhal sonra şirkətin birjadakı səhmləri 1,5 faiz ucuzlaşıb.
“Boeing” şirkətinin ABŞ-dakı zavodlarında sentyabrın 13-də başlayan tətil davam edir. Bu müddət ərzində sifarişçilərə heç bir təyyarə çatdırılmayıb.
Şirkət maliyyə məsələlərini həll etmək üçün dünya üzrə 17 min əməkdaşını, başqa sözlə bütün işçilərin 10 faizini ixtisar etmək istəyir.