Gia Abaşidze: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı bundan sonra daha da möhkəmlənəcək

post-img

Oktyabrın 26-da Gürcüstanda şəffaf, azad və demokratik seçkilər keçirildi. Qərbin və müxalifətin təzyiqlərinə baxmayaraq, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası böyük üstünlüklə rəqiblərini qalib gəldi. Biz sülhə, sabitliyə səs verən hər bir gürcü vətəndaşına dərin təşəkkürümüzü bildiririk. Xüsusilə də Gürcüstanda yaşayan azərbaycanlılara dərindən təşəkkür etmək lazımdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Gia Abaşidze söyləyib.

O qeyd edib ki, azərbaycanlılar “Gürcü Arzusu”nu dəstəkləməklə regionun inkişafın töhfə verdilər. Çünki Gürcüstandakı sabitlik regionun sabitliyinə birbaşa töhfədir.

“Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır. Bizim ortaq maraqlarımız və layihələrimiz var. Bu əməkdaşlıq isə bundan sonra daha sürətlə inkişaf edəcək”, – deyə G.Abaşidze vurğulayıb

O deyib ki, müxalifət aksiyalarla heç nəyə nail ola bilməyəcək. Dörd il bundan əvvəl də onlar seçkinin nəticələrini qəbul etmirdilər. Nəticələri boykot etməklə müsbət nəticə qazana bilmədilər və sonda sakitləşib parlamentdə oturdular. İndi də müxalifət ümumilikdə 37 faizə yaxın səs toplayıb. Onlar topladıqları səslə qane olmalı və sakit şəkildə parlamentdə öz yerlərini tutmalıdırlar.

Politoloq, həmçinin qeyd edib: “Qərbə gəldiksə, ATƏT, AŞPA və digər təşkilatlar artıq seçkinin demokratik şəkildə keçdiyini qəbul edib, rəqabətli seçkilərin olduğunu bildirib. Bəli, xırda səhvlər olub, amma bu səhvlər dünyanın hər yerində, xüsusilə elə ABŞ və Fransada, bütövlükdə Avropada da var. Ona görə də AŞPA nümayəndəsi açıq şəkildə dedi ki, Avrointeqrasiya məsələsi yeni seçilmiş gürcü hökuməti ilə ətraflı danışacaqlar”.

Xaricdən maliyyələşən, müəyyən avroparlamentarilərin dəstəklədiyi yerli müxalifətin boykotunun heç bir nəticə verməycəyini vurğulayan G.Abaşidze vurğulayıb: “Çünki gürcü xalqı öz sözünü deyib. Gürcü xalqı sülhü, sabitliyi və inkişafı seçib. Belə olan halda, nə Qərbin, nə də müxalifətin etirazları nəticə verməyəcək”.

Dünya