Radikal müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir.
AZƏRTAC xəbər verir ki, bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Siyasi Şurasının üzvü, parlamentin sədri Şalva Papuaşvili oktyabrın 28-də keçirdiyi brifinqdə deyib.
Gürcü xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyinə əminliyini ifadə edən Papuaşvili bildirib: “Müxalifət cəbhəsində hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedir. Onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 1990-cı illərdən bəri xatırlayırıq. Onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də müxalifət bütün bu ssenariyə hazırlaşıb”.
Parlament sədrinin sözlərinə görə, müxalifət seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıb. “Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa, demokratik seçkilərə və prinsiplərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, - deyə Şalva Papuaşvili vurğulayıb.