İndoneziya hökuməti “Apple” şirkətinin ən son modellərdən olan smartfonlarının ölkədəki satışlarını bloklayıb.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, “iPhone 16” smartfonlarının satışı ABŞ şirkətinin investisiya ilə bağlı tələblərə əməl etməməsi səbəbindən qadağan edilib. Qadağa “iPhone 16” smartfonlarının ölkə daxilində satışına aiddir və xaricdən alınan cihazlara, həmçinin “Apple” şirkətinin digər məhsullarına şamil edilmir.
İndoneziya Sənaye Nazirliyinin açıqlamasına əsasən, şirkət “iPhone 16” smartfonlarının satışına lisenziya almaq üçün ölkəyə 1,71 trilyon İndoneziya rupisi (108,7 milyon dollar) həcmində investisiya yatırmalıdır. Hazırda onların həcmi tələb olunandan 240 milyard rupi azdır.
İndoneziyanın hakimiyyət orqanları yerli sənayeni dəstəkləmək və idxaldan asılılığı azaltmaq siyasəti çərçivəsində xarici şirkətlərdən ölkə daxilində məhsul və xidmətlərin istifadəsi ilə bağlı tələblərə riayət olunmasını tələb edir. Bu, müxtəlif yollarla, o cümlədən investisiya yatırımı və ya yerli əhalinin işə götürülməsi yolu ilə həyata keçirilə bilər.
Qəzetin məlumatına görə, İndoneziyanın smartfon bazarı əhalinin artan sayı və gəliri nəzərə alınmaqla, istehlakçılar üçün yetərincə cəlbedicidir.