NATO Rusiya ilə sərhəddəki Rovayarvi poliqonunda “Lightning Strike 24” adlı ən böyük artilleriya təlimi keçirəcək. Təlim noyabrın 4-dən 28-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
Təlimlərdə Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçinin iştirak edəcəyi bildirilir. Qeyd olunur ki, “Lightning Strike 24” alyansın tarixində Avropada keçirilən ən böyük artilleriya atış seriyası olan “Dynamic Front 25” təlimlərinin bir hissəsidir.
“Təlimin məqsədi Finlandiyanın müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində şimaldakı əməliyyat zonasında müdafiə qabiliyyətini nümayiş etdirmək, həmçinin əməliyyat komandanlığı və nəzarətini həyata keçirməkdir”, - deyə Finlandiya Müdafiə Nazirliyi bildirib.