Kazanda keçiriləcək BRİCS sammitinin son görüşündə 40-a yaxın ölkədən nümayəndələr iştirak edəcəklər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Sammitin son günündə qırxa yaxın ölkənin nümayəndələrinin iştirakı ilə autreach/BRICS plus formatında görüş keçiriləcək”, - məlumatda deyilir. Onların arasında MDB ölkələri rəhbərlərinin, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasının bir çox ölkələrinin nümayəndə heyətlərinin, habelə bir sıra beynəlxalq təşkilatların icra orqanları rəhbərlərinin olduğu bildirilir.
Oktyabrın 22-24-də Rusiya prezidenti Vladimir Putin də Kazanda Rusiyanın sədrliyi ilə “Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” devizi altında keçirilən BRİKS-in XVI sammitində iştirak edəcək.
Dar və geniş tərkibdə keçiriləcək görüşlərdə BRİKS ölkələrinin liderləri qlobal və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaq, Rusiyanın sədrliyi ilə müəyyən edilmiş üç əsas əməkdaşlıq istiqamətini - siyasət və təhlükəsizlik, iqtisadiyyat sahələrini müzakirə edəcəklər. Eyni zamanda, maliyyə, mədəni və humanitar əlaqələr də müzakirə olunacaq.
Kreml əlavə edib ki, yeni “tərəfdaş dövlətlər” kateqoriyasının yaradılması yolu ilə BRICS-in mümkün genişlənməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin, Yeni İnkişaf Bankı, İşgüzar Şura, banklararası əməkdaşlıq mexanizmi və BRİKS Qadınların Biznes Alyansı sədrlərinin hesabatları dinləniləcək.
P.ƏMİRCANOV
XQ