Türkiyə rəsmiləri Sivasda baş verən iki zəlzələdə tələfatın olmadığını bildiriblər

post-img

Oktyabrın 17-də səhər saatlarında Türkiyənin Sivas vilayətində baş verən 4,7 və 4,1 maqnitudalı zəlzələlər nəticəsində tələfat və dağıntı olmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Sivas vilayətinin valisi Yılmaz Şimşek sosial şəbəkələrdə yazıb.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, yeraltı təkanlardan birincisi yerli vaxtla saat 11:29-da qeydə alınıb, on dəqiqə sonra ikinci təkan baş verib. Zəlzələnin ocağı 10,57 kilometr dərinlikdə yerləşib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sosial şəbəkədə Sivas sakinlərinə dəstək ifadə edən paylaşım edib.

Bir gün əvvəl qonşu Malatya vilayətində maqnitudası 5,9 olan zəlzələ baş verib, onlarla insan xəsarət alıb.

Səlahiyyətlilər yüzlərlə binaya ziyan dəydiyini, 20 tikilinin sökülməli olduğunu bildiriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya