İtaliyanın müdafiə naziri: Livanda BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

post-img

BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazasına zərbələr endirilib.

AZƏRTAC xəbər verir ki, zərbələr İsrailə məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Hadisə nəticəsində iki İndoneziya sülhməramlısı yaralanıb.

İtaliyanın müdafiə naziri Quido Krosetto ölkə hərbçilərindən xəsarət alan olmadığını, bazadakı videomüşahidə kameralarının sıradan çıxdığını deyib.

“İsrailin müdafiə naziri Yoav Qalant ilə əlaqə saxladım və ona Cənubi Livanda UNIFIL bazaları yaxınlığında, qərargahında və kontingentə qarşı baş verənlər İtaliya hökuməti üçün qəbuledilməz olduğunu bildirdim. Livanda yerləşdirilən İtaliya hərbçilərinin təhlükəsizliyi hökumət üçün mütləq prioritetdir. İtaliya və UNIFIL hərbçilərini risk altına qoyacaq hər hansı addımdan qaçmaq lazımdır”, - deyə Quido Krosetto vurğulayıb.

O, həmçinin İsrailin İtaliyadakı səfirini nazirliyə çağırıb və etirazını bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma



Dünya