Braziliyanın Rusiya Federasiyasındakı səfiri Rodriqo de Lima Baena Soareş “İzvestiya”ya bildirib ki, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMTŞ) daimi üzv kimi qoşulması məsələsi müzakirə olunur.
“Biz hesab edirik ki, Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün hər cür əsasımız var. Hesab edirik ki, Təhlükəsizlik Şurası daha çox təmsilçi və əhatəli olmalıdır ki, Qlobal Cənub orada təmsil olunsun. Həmçinin hesab edirik ki, Təhlükəsizlik Şurasının iş üsulunu dəyişdirməliyik ki, o, daha şəffaf olsun və BMT-nin bütün üzvləri adından danışsın”.
Bundan əvvəl Braziliya prezidenti Luiz İnasiu Lula da Silva bildirmişdi ki, dünyada qlobal tənzimləmə mexanizmlərinin fəaliyyəti BMT-də, xüsusən də Təhlükəsizlik Şurasında islahatlar aparılmadan mümkün deyil.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa. Bundan əlavə, qeyri-daimi üzvlər üçün on yer ayrılıb. Hazırda Albaniya, Braziliya, Qabon, Qana, Malta, Mozambik, BƏƏ, İsveçrə, Ekvador və Yaponiya qeyri-daimi üzvlərdir.
P.ƏMİRCANOV
XQ