“Google Türkiye” şirkəti Süni İntellekt və Texnologiyalar Akademiyası açıb

post-img

“Google Türkiye” şirkəti Süni İntellekt və Texnologiyalar Akademiyası açdığını elan edib.

AZƏRTAC xəbər verir ki, Amerika texnologiya nəhənginin Türkiyə bölməsinin direktoru Mehmet Keteloğlu Adanada keçirilən “TEKNOFEST-2024 Aviasiya, Kosmos və Texnologiya Festivalı”nda bu barədə müvafiq açıqlama verib.

Keteloğlunun sözlərinə görə, bu təşəbbüs Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır tərəfindən dəstəklənib və Türkiyə Prezidenti Administrasiyası yanında Rəqəmsal Transformasiya İdarəsi onu təsdiq edib.

Direktor 2021-ci ildə “Google” şirkətinin Türkiyədə Oyunlar və Tətbiqlər Akademiyasının əsasını qoyduğunu, bu akademiyanın əhəmiyyətinin illər keçdikcə daha da artdığını və strukturun Süni İntellekt və Texnologiya Akademiyasına çevrilməsinə qərar verildiyini qeyd edib.

“Google Türkiye”nin direktoru yeni akademiyanın Türkiyənin 2021-2025-ci illər üçün Milli Süni İntellekt (AI) Strategiyasının məqsədlərinə cavab verdiyini və bunun da süni intellekt sahəsində təlimlərə töhfə olacağını vurğulayıb.

“İnternet və mobil texnologiyaların yayılması ilə bağlı dəyişikliklər dövründə dünya ictimaiyyəti süni intellektlə bağlı yeni dəyişikliklər dalğasını yaşayır”, - deyən Mehmet Keteloğlu əlavə edib ki, süni intellektin geniş tətbiqi 10-20 il çəkə bilər.

O qeyd edib ki, Akademiyanın missiyası əhalinin müasir texnologiyalara bərabər və maksimum səviyyədə tam çıxışını təmin etməkdir.

Keteloğlu bildirib ki, “Google Türkiye” bu günə kimi informasiya texnologiyaları sahəsində 6,5 mindən çox gənc mütəxəssisin hazırlanmasına yardım edib.

Şirkətin direktoru məlumatların təhlili istiqamətini perspektivli adlandırıb və vurğulayıb ki, bu, istifadəçi seçimləri haqqında daha dolğun təsəvvür yaratmağa imkan verir: “Məqsədimiz Türkiyə üçün ildə 2 minə qədər süni intellekt mütəxəssisi hazırlamaqdır”.



Dünya