ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə Volodimir Zelenski ilə planlaşdırılan görüşündə Ukraynaya 2,4 milyard dollar həcmində yeni hərbi yardım paketini elan edə bilər. Həmin vəsait Ukrayna üçün yeni silah və avadanlıqların istehsalına xərclənəcək.
AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
“Cozef Bayden administrasiyası Ukrayna üçün bir neçə böyük yardım paketi hazırlayır. Volodimir Zelenskinin Ağ evə səfəri zamanı elan edilməsi gözlənilən 2,4 milyard dollarlıq paket də onlardan biridir”, - deyə nəşr yazıb.
Bu arada ABŞ Dövlət Departamenti Vaşinqtonun Ukraynaya daha bir “təcili ehtiyac duyulan silah və texnika paketi” təqdim edəcəyini açıqlayıb. Paketə HIMARS raket sistemləri üçün əlavə döyüş sursatları, 155 və 105 millimetrlik artilleriya mərmiləri, MRAP zirehli maşınları, yüngül avtomobillər, patrul qayıqları, kiçik çaplı silahlar, həmçinin “Javelin”, TOW və AT-4 tank əleyhinə portativ sistemlər üçün raketlər daxildir.
Qeyd edək ki, 2022-ci ilin fevralından bəri ABŞ-ın təhlükəsizlik sahəsində Ukraynaya ayırdığı yardımın həcmi 56,2 milyard dolları ötüb.