İran prezidenti də BMT-ni islahatlara çağırdı

post-img

İran prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) və beynəlxalq maliyyə qurumlarının qərar qəbuletmə və idarəetmə strukturlarında təcili islahatlara çağırıb. Məlumatı “Anadolu” yayıb. 

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “BMT-nin məqsədlərinin gücləndirilməsi” adlı sessiyada çıxış edən Pezeşkian bildirib ki, çoxtərəfli əməkdaşlıq cari və gələcək problemlərin həlli üçün vacibdir.

Müharibə, ayrı-seçkilik, yoxsulluq və aclıq kimi problemlərin kökündən həll edilməsi üçün çoxtərəfli sistemin gücləndirilməsinin vacibliyini bildirən İran prezidenti deyib: “Qəzzada uşaqlar və mülki şəxslər öldürülərkən heç bir sənəd sülhə zəmanət verə bilməz”.

Nüvə silahlarından azad bir dünya istədiklərini ifadə edən Pezeşkian əlavə edib: “Biz heç bir ön şərt olmadan bölgəmizdə kütləvi qırğın silahlarının olmasını istəmirik”.

Onun sözlərinə görə, birtərəfli sanksiyalar ölkələrin inkişaf və rifah məqsədlərinə çatmasına mane olur və bu vəziyyət aradan qaldırılmalıdır: “Təklif edirəm ki, BMT-nin baş katibi sanksiyalara məruz qalan ölkələrin iştirakı ilə bu məsələ ilə bağlı Baş Assambleyaya geniş hesabat təqdim etsin”.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya