Fidan: Beynəlxalq sülh və təhlükəsizlik məhdud sayda ölkənin ixtiyarına buraxıla bilməz

post-img

BMT artan qlobal təhlükələrə qarşı mübarizədə liderlik nümayiş etdirə bilmir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

“Qlobal problemlərin hərtərəfli həlli üçün effektiv struktura malik olmaq lazımdır”, - Türkiyə diplomatiyasının rəhbəri bildirib. O, belə bir strukturun “daha ​​əhatəli və çoxtərəfli” olmasının vacibliyini vurğulayıb: “BMT-də, xüsusən də Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac var”.

Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “Dünya beşdən çoxdur” tezisini xatırladaraq, “BMT-də qərarvermə mexanizmlərinin daha da demokratikləşdirilməsinin, eləcə də qütbləşmənin qarşısını almaq üçün alətlərin hazırlanmasının vacibliyini” vurğulayıb.

Diplomat bildirib ki, beynəlxalq ictimaiyyət və BMT “tarixi sınaqdan” keçir, lakin onların böhran və münaqişələrin həllinə nail olmaq imkanları azalıb.

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı bəyan edib ki, “qlobal bərabərsizlik və ədalətsizlik getdikcə artır, islamofobiya və ksenofobiyanın əsasını qoyur”.

“Beynəlxalq sülh və təhlükəsizlik məhdud sayda ölkədən ibarət “imtiyazlı qrup”un ixtiyarına buraxıla bilməz”, - Türkiyənin xarici işlər naziri vurğulayıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya