Sabah BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayır

post-img

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının dünyanın ən böyük diplomatik hadisələrindən biri hesab edilən və iştirakçı ölkələrin liderlərini bir araya gətirən 79-cu sessiyası işə başlayır. Məlumatı “Anadolu” verib. 

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək Baş Assambleya sentyabrın 30-dək davam edəcək. Sessiyanı BMT-nin baş katibi Antonio Quterreş açacaq, iclaslara kamerunlu Filemon Yanq sədrlik edəcək.

Baş Assambleyanın 79-cu sessiyasında 133 dövlət və hökumət başçısı, 3 vitse-prezident, 80 baş nazirin müavini və 45 nazirin iştirak edəcəyi gözlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxış edəcək. 

Ənənəvi olaraq 1955-ci ildən keçirilən BMT Baş Assambleyasında ilk olaraq Braziliya prezidenti çıxış edəcək, bundan sonra tədbirin ev sahibi ABŞ çıxış edəcək. Türkiyəni Baş Assambleyada üçüncü sırada prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.

Bu, Ərdoğanın BMT Baş Assambleyasında 14-cü çıxışıdır. Onun çıxışında Qəzzadakı vəziyyətə xüsusi diqqət yetirəcəyi, iştirakçı ölkələri İsrailin hücumlarına müqavimət göstərməyə çağıracağı gözlənilir.

Ölkə liderləri hər il olduğu kimi, böhranların, qarşıdurmaların və müharibələrin getdikcə artdığı bir vaxtda toplaşırlar. Gündəmdə müxtəlif böhranların, o cümlədən Qəzza, Ukrayna, Sudan və Haitidəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

BMT-nin “yer üzündə cəhənnəm” kimi qələmə verdiyi Qəzzaya xüsusi diqqət yetiriləcəyi gözlənilir. Liderlər həmçinin simsiz rabitə cihazlarının partladıldığı Livandakı vəziyyəti də müzakirə edəcəklər. 

Sentyabrın 26-da səhər saatlarında Fələstin lideri Mahmud Abbas, günorta isə İsrailin baş naziri Benyamin Netanyahu çıxış edəcək.

BMT Baş Assambleyasının sessiyasının əsas mövzusu belədir: “Heç kəsi geridə qoymamaq”.  

 

P.ƏMİRCANOV

XQ

 

Dünya