“Bəzi lobbilər” 2022-ci ildə İstanbulda Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarının öz məqsədlərinə çatmasını istəmirdilər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Nyu-Yorkda Türkevində keçirilən dəyirmi masa görüşündə deyib.
Məlumatı “Anadolu” verib.
“Bəzi lobbilər səylərin uğur qazanmasını istəmədilər. İstənilən halda, biz münaqişəni dağıdıcı nəticələr olmadan bitirmək üçün əlimizdən gələni edirik”, - deyə Ərdoğan bildirib.
O, Türkiyənin “ədalətin bərqərar olması” və Ukrayna münaqişəsinin həlli üçün hər cür səy göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Ankara bu prosesdə mühüm rol oynayır.
Sentyabrın 16-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də Kiyevin İstanbul sazişini bağlamaqdan imtina etməsindən sonra Ukrayna münaqişəsində barışıq şansının itirildiyini bildirib. O əlavə edib ki, münaqişənin həlli üçün müxtəlif ölkələrin bütün sülh təşəbbüslərini nəzərdən keçirmək lazımdır.
P.ƏMİRCANOV
XQ