Almaniyanın quru sərhədlərindəki keçid məntəqələrində yoxlamalara başlanılıb

post-img

Almaniya qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində sentyabrın 16-dan etibarən quru sərhədlərindəki keçid məntəqələrində yoxlamalara başlayıb.

AZƏRTAC xəbər verir ki, qonşu doqquz ölkədən daxil olan şəxslərin bu gecədən etibarən sərhəd-keçid məntəqələrində pasportları yoxlanılır. Bu tədbirlər, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən cinayətkar qruplar və terror təşkilatları kimi kənar təhdidlərin qarşısının alınmasına da xidmət edir.

Almaniyanın federal daxili işlər naziri Nansi Faeser bu tədbirlərin məqsədinin ölkədən kənarda fəaliyyət göstərən cinayətkarlarla mübarizə və qanunsuz miqrasiyanın qarşısının alınması olduğunu bildirib.

İlk mərhələdə altı ay davam edəcək nəzarət tədbirləri zamanı sürücülük vəsiqəsi ilə yanaşı, şəxsiyyəti təsdiq edən sənəd və ya pasport yoxlamaları aparılır. Həmçinin təkcə avtomobil sürücülərinin və sərnişinlərin deyil, qatar və velosipedlə, eləcə də piyada hərəkət edən şəxslərin də sənədləri yoxlanılır. Yoxlamaların sərhəd-keçid məntəqələri ilə yanaşı, ölkənin daxilindəki yollarda da aparılacağı bildirilir.

Bu tədbirlər Almaniyaya qonşu ölkələr tərəfindən narazılıqla qarşılanıb. Almaniya Şengen razılaşmasına əsasən, 29 üzv ölkə arasında daxili sərhədlərdə yoxlamaların aradan qaldırıldığı, pasport nəzarətinin ancaq xarici sərhədlərdə və hava limanlarında məcburi olduğu Şengen bölgəsinin mərkəzində yerləşir. Bəzi qonşu ölkələr bu tədbirlər nəticəsində yollarda sıxlıqların yarana biləcəyi barədə narahatlıqlarını ifadə ediblər.

Avropa İttifaqının Miqrasiya Şurası isə bu addımın İttifaq qanunlarını pozma riski daşıması barədə xəbərdarlıq edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya