Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib

post-img

Ukraynaya qarşı istifadə olunması məqsədilə İranın Rusiyaya ballistik raketlər tədarükündən sonra Böyük Britaniya hökuməti bu gün İran və Rusiya barəsində yeni sanksiyalarını elan edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya İranla ikitərəfli hava əlaqəsi razılaşmalarını ləğv edəcək və bu, “Iran Air” aviaşirkətinin Böyük Britaniyaya uçuş imkanlarını məhdudlaşdıracaq.

Böyük Britaniya Rusiyaya hərbi dəstək göstərən İranın bir sıra şəxsləri və təşkilatlarına, o cümlədən ballistik raket və dron təchizatına cəlb olunanlara sanksiyalar tətbiq edib. İranın Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Logistikasının beynəlxalq əlaqələr üzrə baş direktoru Seyid Həmzə Qalandəri, SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin Kosmik Komandanlığının rəhbəri Əli Cəfərabadi, “Baharestan Kish Company” sanksiyalara məruz qalanlar arasındadır.

Həmçinin Rusiyanın bir neçə qurumuna yeni sanksiyalar tətbiq olunub. 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi, Rusiya Hərbi Kosmik Qüvvələri, Hərbi-Nəqliyyat Aviasiyasının Komandanlığı sanksiyalara məruz qalan qurumlar arasındadır.

Rusiyaya məxsus beş yük gəmisi də İrandan Rusiyaya hərbi yüklərin daşınmasında oynadıqları rola görə bu gün sanksiyaya məruz qalıb.

Dünya