Keniyada internatda yanğından sonra 3 günlük milli matəm elan edilib

post-img

Keniya Prezidenti Vilyam Ruto ölkənin mərkəzində, internat məktəbində baş verən yanğın zamanı azı 17 uşağın ölümündən sonra 3 günlük milli matəm elan edib.

Ağır yaralanan 16 nəfər isə xəstəxanadadır.

“Elektrik kəsildi və birdən oğlanlar yataqxanasında yanğın başladı. Gecə idi, uşaqların çoxu yatmışdı. Həyəcan siqnalı verildi, lakin çoxu bunu eşitmədiyi üçün uşaqların təxliyəsi çox xaotik keçdi. Bu, çox kədərlidir, ürəyimizi parçalayır”,- deyə məktəbin müəllimi Jozaya Mvanqi baş verənləri danışarkən söyləyib.

Milli Valideynlər Assosiasiyasının prezidenti Silas David Obuadsa ölkədəki internat məktəblərinin keyfiyyətini pisləyərək, bəzi məktəblərdə həbsxanaya bənzəyən yataqxanaların olduğunu, pəncərələrə dəmir tor çəkildiyini, eləcə də qapıların bayırdan bağlandığını bildirib. O, belə yataqxanalarda yanğın zamanı çıxışların olmadığını və ağır nəticələr verdiyini vurğulayıb.

Bildirilir ki, yanğının baş verdiyi oğlan yataqxanasında 150-dən çox məktəbli olub və onlardan 70-i hələ də tapılmayıb.

Qeyd edək ki, Keniya artıq oxşar faciələrlə dəfələrlə üzləşib. 2017-ci ildə Nayrobidəki Moi Qızlar Liseyində baş verən yanğında 10 şagirdin, 2001-ci ildə ölkənin cənub-qərbində yerləşən Maçakos rayonundakı yataqxanada baş verən yanğında isə 67 uşağın həlak olduğu bildirilir.

Dünya