Finlandiyanın sabiq müdafiə naziri “Hufvudstadsbladet” qəzetinə Qarabağa səfəri haqqında məqalə yazıb

post-img

Finlandiyanın sabiq müdafiə naziri Yan-Erik Enestam özünün Azərbaycana səfəri haqqında təəssüratlarını İsveç dilində nəşr olunan gündəlik “Hufvudstadsbladet” qəzetinə yazdığı məqaləsində paylaşıb.

Bakıda və təqribən 30 illik erməni işğalından azad edilən Qarabağda səfərdə olan Enestam Birinci Qarabağ müharibəsi zamanı öz yurd-yuvasını tərk etməyə məcbur olmuş, uzun illər qaçqın düşərgələrində məskunlaşan məcburi köçkünlərin vəziyyətindən bəhs edib.

O, həmçinin vurğulayıb ki, bu insanların indi öz doğma torpaqlarına qayıtmaq imkanları var, lakin dünyanın ən böyük minalanmış sahələrindən biri onların geri qayıtmasına mane olur. Belə ki, Qarabağın keçmişdə işğal altında olmuş ərazilərinə səpələnmiş azı 1,5 milyon ədəd mina var. Minatəmizləmə prosesinin təqribən 30 il çəkəcəyi və ən azı 25 milyard dollara başa gələcəyi gözlənilir. Ermənistanın bütün mina sahələrinin xəritələrini təhvil verməkdən imtina etməsi ərazilərin minalardan təmizlənməsini çətinləşdirir. Artıq mina partlayışları nəticəsində yüzlərlə azərbaycanlı həlak olub və ya yaralanıb.

Yan-Erik Enestam qeyd edib: “Finlandiya sakinlərində bu regiondakı vəziyyət haqqında məlumatın azlığı, təbii ki, yerli medianın mövzuya ciddi marağının olmaması ilə izah olunur. “Hufvudstadsbladet” qəzetinin redaktorları da bu bölgədəki insanlar üçün həqiqətən vacib olanlardan başqa hər məsələyə diqqət yetirirlər”.

Siyasət