Fransada saxlanılan və bir çox cinayətdə ittiham edilən “Telegram”ın həmtəsisçisi Pavel Durov ilk dəfə öz həbsinə münasibət bildirib.
Durov Fransa hakimiyyətinin “Telegram”dan cavab almadığı üçün polisin onu 4 gün sorğu-sual etdiyini bildirib.
Lakin Durov bununla razılaşmır. Çünki onun sözlərinə görə, “Telegram”ın Avropa İttifaqında rəsmi nümayəndəsi var, və o, Aİ-nin müraciətlərini qəbul edir və onlara cavab verir.
O bildirib ki, Fransa hakimiyyətinin kömək istəmək üçün onunla əlaqə saxlamağa bir çox yolu var idi.
“Mən Fransa vətəndaşı olaraq Dubaydakı Fransa Konsulluğuna tez-tez baş çəkirdim. Bir müddət əvvəl onlar məndən soruşanda mən şəxsən onlara Fransada terror təhlükəsi ilə mübarizə aparmaq üçün “Telegram” ilə qaynar xətt yaratmağa kömək etdim”, - deyə Durov bildirib.
Durovun sözlərinə görə məxfilik və təhlükəsizlik arasında düzgün balansı saxlamaq asan deyil.
“Telegram” düzgün balansı tapmaq üçün hökumətlərlə qarşılıqlı əlaqədə olmağa çalışır. Sayt avtoritar rejimlərdə istifadəçilərin müdafiəsi prinsiplərinə əməl edir. Ancaq “Telegram” rəhbərliyi həmişə dialoqa açıqdır. Belə ki, “Telegram” məxfilik və təhlükəsizlik arasında düzgün balans barədə ölkə rəhbərliyi ilə razılaşa bilməyəndə platforma bu ölkəni tərk edir. Rusiya və İranda da belə idi”, - deyə o bildirib.
Durovun sözlərinə görə bütün bunlar o demək deyil ki, “Telegram” idealdır. Hətta dövlət rəsmilərinin sorğuların hara göndəriləcəyi ilə bağlı çaşqın olması faktı da təkmilləşdirilməli olan nüansdır. O bildirib ki, bəzi media resurslarında “Telegram”ın bir növ anarxist cənnət olması ilə bağlı iddialar tamamilə yanlışdır. Sayt hər gün milyonlarla zərərli yazı və kanalı silir.
Durov bütün bunlarla yanaşı tədbirlərin kifayət olmadığını bildirib. O daha sonra sözlərinə belə davam edib: “Telegram”ın 950 milyon istifadəçiyə yüksəlməsi cinayətkarların platformamızdan sui-istifadə etməsini asanlaşdıran səbəb oldu. Məhz buna görə də məqsəd bu baxımdan vəziyyəti xeyli yaxşılaşdırmaqdır. Biz bu prosesə artıq daxildə başlamışıq və mən tezliklə irəliləyişimizlə bağlı daha ətraflı məlumatı sizinlə paylaşacağam. Ümid edirəm ki, avqust hadisələri “Telegram”ın və bütün sosial şəbəkə sənayesinin daha təhlükəsiz və güclü olmasına səbəb olacaq”. (APA)