Türkiyədən oğurlanaraq ABŞ-a aparılmış 2500 illik qızıl boyunbağı geri qaytarılıb

post-img

Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan və uzun illər ərzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Boston şəhərindəki muzeydə sərgilənən Lidiya dövrünə aid 2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb.

XQ xəbər verir ki, 1982-ci ildə Manisanın Bintəpələr bölgəsindən qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılan qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğundakı rəsmilərə təhvil verilib.

Türkiyənin Nyu Yorkdakı mədəniyyət attaşesi Hilal Dəmirəl qızıl boyunbağının təxminən 20 santimetr uzunluğunda olduğunu bildirib.

Hilal Dəmirəl deyib: “Əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər Bintəpələr nekropolu ərazisində aşkar edilən digər əsərlərə bənzəyir”'.

Əsərin bölgə üçün tarixi və mədəni əhəmiyyətinə toxunan H.Dəmirəl əlavə edib: “Bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur”.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy da 2024-cü ildə 20 tarixi əsərin qaytarılacağını bildirib. “Bintepelər boyunbağısı” bu sırada 21-cidir.

Anar Əli
XQ

Dünya