Ərdoğan: Dumlupınar döyüşü ilə türk xalqı köləliyi qəbul etmədiyini göstərdi

post-img

30 avqust 1922-ci ildə Dumlupınar döyüşündə qazanılan qələbə ilə türk xalqı köləliyi qəbul etməyəcəyini, öz torpaqlarında müstəqillikdən əsla vaz keçməyəcəyini dünyaya çatdırdı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da respublikanın hər yerində geniş şəkildə qeyd olunan Dumlupınar döyüşündəki qələbənin 102-ci ildönümü münasibətilə deyib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı bildirib ki, türk xalqının müstəqillik mübarizəsi məzlum xalqlar üçün ilham mənbəyi olub. Türkiyə bütün dünyada sülh, ədalət və əmin-amanlığın təmin edilməsi üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Türkiyə 30 Avqustda Dumlupınar döyüşündə zəfərin 102-ci ildönümünü qeyd edir. Rəsmi hissəsi Ankarada təşkil olunacaq bayram tədbirləri bütün ölkə üzrə keçirilir.

Atatürkün komandanlığı altında türk ordusunun 1922-ci il avqustun 26-da başlayan və avqustun 30-da müdaxilə qüvvələrinin məğlubiyyəti ilə başa çatan hücumu (Böyük Hücum) dünya tarixinə ən böyük qəhrəmanlıq nümunələrindən biri kimi düşüb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya