Rəy sorğularına görə Harris və Tramp bərabər irəliləyirlər

post-img

ABŞ-nin vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp arasında seçki yarısı bərabər irəliləyir.

AZƏRTAC-ın məlumatına görə, “The Wall Street Journal”ın keçirdiyi son sorğuda seçki mübarizəsinin liderini müəyyən etmək mümkün olmayıb. Seçicilər arasında aparılmış sorğuya əsasən, Harris 48 faiz, Tramp isə 47 faiz seçicinin rəğbətini qazanıb. Sorğuda Demokratların 90 faizi öz yeni namizədləri ilə bağlı həvəsli olduqlarını desələr də, Respublikaçılar arasında bu rəqəm 82 faizdir.

Sorğuda Kamala Harrisin mənfi və müsbət reytinqi bərbərdir. Rəyi soruşulanların 49 faizi onun barəsində müsbət, 49 faizi mənfi düşünür. İyul sorğusunda bu rəqəm 46 faizə qarşı 52 faiz təşkil edirdi. Trampla bağlı isə müsbət düşünənlər 45 faiz, mənfi düşünənlər isə 53 faizdir. İyul ayında bu göstərici 47 faiz müsbət və 50 faiz mənfi təşkil edib.

Sorğu 24-28 avqust tarixlərində telefon və onlayn şəkildə 1500 seçici arasında keçirilib. Nəticələrdə 2,5 faiz xəta nəzərə alınır.

 
Məlahət Nəcəfova 

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Dünya