Ərdoğan Türkiyədə yanğınlarla mübarizədən danışıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ahlatdakı prezident kompleksində Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Xəbəri “Anadolu” yayıb. 

Prezident Ərdoğan deyib: “21 illik prezidentliyimizdə ilk dəfə Ankara xaricində keçirilən Nazirlər Kabinetinin tarixi toplantısını keçirməklə Ahlat və Malazgirtə verdiyimiz əhəmiyyəti göstərdik”.

Türkiyə prezidenti meşə yanğınları mövzusuna da toxunub. “Bizim tariximizdə “Yaşıl Vətən”i qoruyan ən güclü ordumuz var. Donanmamıza 27 təyyarə, 105 helikopter və 5 mindən çox yerüstü texnika daxildir”, - deyə Ərdoğan qeyd edib.

O, ölkədəki bütün siyasi partiya və hərəkatları təbii fəlakətlərə qarşı mübarizədə həmrəy olmağa çağırıb.

Ərdoğan yanğınların söndürülməsi üçün amfibiya təyyarəsi göndərmiş Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yanğınların söndürülməsi üçün təyyarə göndərdi. Bu təyyarə ilə yanğınları çox effektiv şəkildə söndürdük”.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya