İsveç şirkəti yeni qırıcı təyyarə istehsal edəcək

post-img

İsveçin “Saab” təyyarə istehsalı və müdafiə sənayesi şirkəti daha bir qırıcı təyyarə istehsal etmək niyyətindədir.

Şirkət hazırda 2025-ci ilin sonunadək hazır olacaq prototipin eskizini yaratmaq üzərində işləyir. “Saab”ın rəhbərliyi ümid edir ki, bütün bunlar hökumətin xarici istehsalçılardan qırıcılar almaq qərarına təsir edəcək.

“Advanced” proqramının meneceri Peter Nilsson deyir: “Xarici ekspertlərin layihənin baha başa gələcəyi fikri ilə razı deyilik. Şəxsi heyət təlim keçib və qırıcı təyyarəni yaratmağa hazırdır”.

Onun sözlərinə görə, 1980-ci ildə “JAS 39 Gripen-E”nin inşası ilə bağlı müzakirələr zamanı da eyni məsələ qaldırılıb. Lakin qırıcı yalnız 1997-ci ildə istifadəyə verilib və o vaxtdan İsveç Hərbi Hava Qüvvələrində xidmət göstərir.

Peter Nilsson əlavə edib: “NATO üzvü olan şimal ölkələrində Amerikanın F-35 təyyarələri var. Bu, xoşagəlməz hiss yaradır ki, biz ittifaqda olduğumuz üçün hamı eyni avadanlığa sahib olmalıdır”.

Şirkətin məqsədi prototipin yeni döyüş təyyarəsi sisteminin əsasına çevrilməsidir.

İsveç hökuməti 2030-cu ildə yeni döyüş təyyarələri sistemi ilə bağlı qərar verməyi planlaşdırır, “Saab” isə iki böyük Avropa layihəsindən birində iştirak etmək üçün artıq çox gec olduğunu bildirir.

“Əgər Riksdaq (parlament - red.) xaricdən yeni qırıcı təyyarə almaq qərarına gəlsə, bunun böyük fəsadları olacaq. Biz şirkəti yenidən strukturlaşdırmaq məcburiyyətində qalacağıq və orada 6000 mühəndis saxlamağın mənası olmayacaq”, - deyə P.Nilsson bildirib.

Dünya