Səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib

post-img

Avqustun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı altında səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak ediblər.

Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiyyə siyasətinin prioritetlərinə uyğun olaraq QHT-lərin ümumi işə, o cümlədən xəstəliklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib.

İctimai birlik təmsilçiləri Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyasının işində də fəal iştirak etdiklərini bildiriblər.

Qarşıdakı dövrdə səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi, bu sahədə ixtisaslaşmış peşə birliklərinin rolunun artırılmasına dair təkliflər səsləndirilib.

Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in və digər əlaqədar qurumların nümayəndələri müvafiq qeydlər götürüb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Sosial həyat