Avqustun 22-si və 23-də Özbəkistanda “İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım” adlı sərgi təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində reallaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Özbəkistan Ekspo Mərkəzində keçirilən sərgidə hər iki ölkənin iqtisadi potensialı, istehsal olunan müxtəlif məhsullar, icra edilən birgə layihələr nümayiş olunub. 67 şirkət və 10-a yaxın dövlət təşkilatı ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müxtəlif innovativ layihələrlə burada təmsil olunub. Tədbirin məqsədi ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, yerli bizneslər arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin qarşılıqlı faydalı tərəfdaşlıq potensialının müzakirəsi olub.
Sərgi çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi və Turin Politexnik Universitetinin rektoru arasında görüş keçirilib. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, “ASAN xidmət” və burada tətbiq olunan rəqəmsal həllər, eyni zamanda, digər fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Tərəflər arasında müvafiq fəaliyyət istiqaməti üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.