Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan ölkəsini Parisdə keçirilən Olimpiadada təmsil edən bütün idmançılara təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, birinci xanım müvafiq müraciətini “X” sosial şəbəkəsindəki hesabında dərc edib.
“Ölkəmizi 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında uğurla təmsil edən bütün milli komanda ulduzlarına göstərdikləri üstün səylərə görə təşəkkür etmək istərdim. İdmançıların yaddaqalan döyüşü qəlbimizdə qürur hissi doğurdu. Əminəm ki, onların əzmi gələcək çempionları ruhlandıracaq. Yolları açıq, uğurları daimi olsun”, - deyə müraciətdə deyilir.
Prezidentin xanımı paylaşımına Türkiyənin Olimpiya medalçılarının fotoşəkillərini əlavə edib.
Qeyd edək ki, Türkiyə Parisdə 18 idman növü üzrə 101 idmançı ilə təmsil olunub.
Yarışın yekunlarına görə, Türkiyə komandası üçü gümüş, beşi bürünc olmaqla 8 medal qazanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara