Qazaxıstanın Akmola vilayətində "Nomads camp 2024" Beynəlxalq Skaut Toplantısının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təbiətdə istirahət etmək üçün 10 ölkədən - Azərbaycan, Yaponiya, Rusiya, Almaniya, Niderland, Filippin, Pakistan, Cənubi Koreya, ABŞ və İsveçdən skaut dəstələri Qazaxıstana gəlib.
Görüşün əsas ideyası gənclərin mədəniyyətlərarası dialoq qurmasından ibarətdir.
Bir həftə ərzində skautlar köçəri həyat tərzi şəraitində yaşayacaqlar. İlk növbədə, komandalar özləri yurtalarını qurmalı olacaqlar. Yeddi gün ərzində onlar, həmçinin qazax milli mətbəxinin, xalq sənətkarlığının əsaslarını öyrənəcəklər.
Bundan əlavə, etnodüşərgə sakinləri üçün maneələr zolağı, kəndir parkı, oxatma dərsləri və milli oyunlar hazırlanıb.
Proqramda iştirakçı ölkələrin interaktiv meydançaları da nəzərdə tutulub ki, burada hər komanda öz ölkəsinin mədəniyyətini nümayiş etdirəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana