Türkiyə tərəfinin investisiyaları sayəsində layihə başa çatdırılıb və burada 50 yeni iş yeri yaradılacaq.
XQ Ukrayna mətbuatına istinadən xəbər verir ki, Türkiyənin "Dalğakiran" enerji şirkəti Kiyev vilayətində "Dalğakıran Kompressor Ukrayna" MMC zavodunun tikintisinin başa çatdırılması üçün təxminən 400 milyon qrivna sərmayə qoyub. Bununla investor müharibə və elektrik enerjisinin kəsilməsi zamanı Ukrayna sənayesini dəstəkləməyə çalışır.
"Biz Ukraynada biznesin miqyasını mürəkkəb dövrdə ölkənin iqtisadiyyatına və energetikasına dəstək kimi qiymətləndiririk. Elektrik enerjisinin kəsilməsi şəraitində avadanlıqlarımız iş proseslərinin və istehsalın davamlılığını təmin etmək, Biznesin işini davam etdirmək, vergi ödəmək və ukraynalılara iş vermək imkanı verir",-şirkətin idarə heyətinin sədri Adnan Dalgakiran bildirib.
"Dalğakıran Kompressor Ukrayna" MMC Türkiyənin “Dalgakiran Kompressor" şirkətinin generator və kompressor avadanlıqlarının, soyutma sistemlərinin və sənaye nasoslarının istehsalı və texniki xidməti üzrə ixtisaslaşmış nümayəndəliyidir. Kiyev vilayətində ofis və obyektlərin tikintisi hələ tammiqyaslı müharibə başlamazdan əvvəl başlayıb. Türkiyə tərəfinin sərmayələri sayəsində layihə tamamlanıb. Burada 50 yeni iş yeri açılacaq.
Türkiyə şirkəti 19 ildir Ukraynada fəaliyyət göstərir, 11 böyük şəhərdə nümayəndəlikləri və yetmişdən çox öz səyyar xidmət qrupu var. 2024-cü ildə şirkət İlin Sənaye Elektrik Avadanlıqları Markası kateqoriyasında Ölkənin Seçimi Mükafatını alıb.
S.ELAY
XQ