Yaponiya Hindistanın Ukrayna ilə bağlı mövqeyini dəstəkləyir

post-img

Yaponiya Ukrayna münaqişəsinin dialoq yolu ilə həllinə dair Hindistanın mövqeyini dəstəkləyir. Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib. Xəbəri TASS verib.  

“Yaponiya və Hindistan liderləri Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması və vəziyyətin dialoq yolu ilə həll edilməsi üçün çalışmağın vacibliyi barədə razılığa gəliblər”, - baş katib deyib.

Hayaşi əlavə edib ki, Yaponiya Rusiya Prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında “Rusiya-Hindistan münasibətlərinin gələcək inkişafını, o cümlədən danışıqların nəticəsini yaxından izləyəcək”.

O, həmçinin qeyd edib ki, Hindistan “azad və açıq Hind-Sakit okean regionu vizyonunun” həyata keçirilməsində Yaponiyanın mühüm tərəfdaşıdır. Hayaşi Tokionun Yeni Dehli ilə həm də çoxtərəfli formatda əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

İyulun 9-da Moskvada Putinlə baş tutan danışıqlardan sonra Modi Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya kömək etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, “Hindistan həmişə sülhün tərəfində olub”.

P.ƏMİRCANOV
XQ

Dünya