İyulun 7-də parlament seçkilərinin mühüm ikinci turundan sonra bazar günü axşam saatlarında bütün Fransada təxminən 30 min polis əməkdaşı yerləşdiriləcək, çünki iki namizəd seçki kampaniyasında hücumların qurbanı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, iyulun 7-də keçiriləcək seçkilərin ikinci turu Fransada Marin Le Penin ifrat sağçı “Milli Birlik” (RN) partiyasının ilk dəfə parlament çoxluğunu qazana və növbəti hökuməti formalaşdıra bilib-bilməyəcəyini müəyyən edəcək.
Daxili işlər naziri Jerald Darmanin “France 2” telekanalına müsahibəsində bildirib ki, radikal sağçı və radikal solçuların vəziyyətdən istifadə edərək ölkədə təxribat törətməsinin qarşısını almaq üçün 30 min polisdən 5 minə yaxını Paris və onun ətrafında yerləşdiriləcək.
Çərşənbə günü keçirilən sorğunun nəticələri göstərib ki, əsas partiyaların ifrat sağçıların tam səs çoxluğu əldə etməsinə mane olmaq cəhdləri nəticə verə bilər.
Fransada bazar günü, iyulun 7-də keçiriləcək parlament seçkilərinin ikinci turuna rəsmi hazırlıqlar başlayıb. Əksər seçki dairələrində cəmi iki namizəd qalıb: solçu və sağçı. Hər iki qüvvə indi tərəddüd edən fransızları öz tərəfinə cəlb etməyə çalışır. Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edən namizədlərin sayı 218 nəfərdir. Bu barədə “Le Monde” qəzeti məlumat yayıb. Onlar Jordan Bardell və Marin Le Penin sağçı “Milli Birlik” partiyasının qələbəsinin qarşısını almaq üçün daha güclü namizədlərin xeyrinə namizədliklərini geri götürüblər.
Müxtəlif tərəflərdən olan müşahidəçilər razılaşırlar ki, Prezident Emmanuel Makron iyun ayında keçirilən ümumavropa seçkilərindən sonra üçüncü sarsıdıcı məğlubiyyətə uğrayıb, silahdaşlarını və bütün mərkəzçi düşüncəli fransız xalqını ümidsiz mübarizənin qızğın mübahisə subyektinə çevirib.
İyunun 30-da keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun nəticələrinə görə, “Milli Birlik” Partiyası 33 faiz səslə qalib gəlib. “Yeni Xalq Cəbhəsi” 28 faiz, “Respublika naminə birlikdə” koalisiyası isə 20 faiz səs toplayıb.
Fransa Milli Assambleyası 577 deputatdan ibarətdir. Bu və ya digər partiyanın parlamentdə çoxluğa nail olmaq üçün 289 mandat əldə etməsi lazımdır.