Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

post-img

2024-cü ilin iyun ayında Türkiyənin müdafiə və aviasiya kompleksinin şirkətlərinin ixracı 563 milyon dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün çərşənbə axşamı sosial şəbəkələrdə paylaşıb.

Nəşrə görə, ilin birinci yarısında Türkiyənin müdafiə təyinatlı məhsullarının xaricə tədarükünün həcmi ümumilikdə 2 milyard 883 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 21,6 faiz çoxdur.

“Məqsədimiz yüksək əlavə dəyərə malik məhsullar sayəsində Türkiyənin hərbi-sənaye kompleksinin uzunmüddətli, mütərəqqi artımını təmin etməkdir. Biz fəxr edirik ki, Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə olunur”, - deyə Görgün qeyd edib.

Haluk Görgün müdafiə və aviasiya şirkətlərini “Türkiyənin yüksələn parlaq ulduzu” adlandırıb.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

 

Dünya