Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. Prezident Ərdoğan bu hədəfə çatmaq üçün lazımi potensialın olduğunu vurğulayıb.
O, həmçinin Türkiyədə “Sinop” Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqların aparıldığını bildirib. R.T.Ərdoğan “Qazprom” və “Botaş” şirkətləri arasında qaz sahəsində əməkdaşlığın inkişafının, rusiyalı turistlərin Türkiyə üçün əhəmiyyətini qeyd edib.
Sonda Prezident Ərdoğan Rusiya Prezidentini Türkiyəyə rəsmi səfərə dəvət edib və dəvət qəbul olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana