İranda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 14-cü prezident seçkilərində 62 milyona yaxın seçici səsvermə hüququna malikdir. Ölkə üzrə 59 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədən kənarda olan vətəndaşlar üçün 95 ölkədə məntəqələr açılacaq. Məlumatı “Anadolu” verib.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və saat 18:00-da bağlanacaq.
Dövlət başçısı postuna dörd namizəd mübarizə aparır: islahatçı Məsud Pezeşkian, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili və daxili işlər naziri Mustafa Pürməhəmmədi.
Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs almalıdırlar. Birinci turda heç bir namizəd 50+1 faizdən çox səs toplaya bilməsə, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək.
Seçkilərin ilk nəticələrinin gecə yarısı açıqlanması, yekun nəticələrin isə sabah açıqlanması gözlənilir. İranda prezidentlik müddəti 4 ildir və ardıcıl olaraq maksimum 2 dəfə seçilə bilər.
İranda seçkiqabağı sorğunun nəticələrinə görə, islahatçı prezidentliyə namizəd Məsud Pezeşkian 33,1 faizlə liderdir, ikinci yerdə Səid Cəlili (28,8 faiz) və üçüncü yerdə isə Məhəmməd Baqir Qalibafdır (19,1 faiz).
P.ƏMİRCANOV
XQ