“Wikileaks” portalının təsisçisi Culian Assancın göyərtəsində olduğu təyyarə Avstraliyanın paytaxtı Kanberraya eniş edib.
AZƏRTAC xəbər verir ki, hava limanında onu həyat yoldaşı Stella Assanc, atası və dəstəkçiləri qarşılayıblar.
Culian Assanc böyük alqış sədaları altında onu Avstraliyaya qaytaran təyyarədən düşüb. O, yumruğunu göyə qaldıraraq Kanberrada toplaşan izdihamı salamlayıb. Daha sonra həyat yoldaşı və atası ilə görüşüb.
Qeyd edək ki, Culian Assanc ABŞ hökuməti ilə razılığa gələrək Amerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib. Onu azadlığa çıxaran məhkəmə prosesi ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasında keçirilib.