Hollandiyanın baş naziri Mark Rutte NATO-nun yeni baş katibi vəzifəsinə təsdiqlənib.
“Şimali Atlantika Şurası Hollandiyanın baş naziri Mark Rutteni NATO-nun növbəti baş katibi təyin etmək qərarına gəlib, o, bu vəzifədə Yens Stoltenberqi əvəzləyəcək”, - NATO-nun saytında yerləşdirilən bəyanatda deyilir. Cənab Rutte oktyabrın 1-dən NATO-nun baş katibi vəzifəsinin icrasına başlayacaq.
Yens Stoltenberq “NATO müttəfiqlərinin seçimini hərarətlə qarşılayıb”. O, cənab Rutteni transatlantizmin tərəfdarı, güclü lider və konsensus qurmağa qadir insan kimi təsvir edib. “Mən ona NATO-nun daha da gücləndirilməsində uğurlar arzulayıram. Mən bilirəm ki, mən NATO-nu etibarlı əllərdə tərk edirəm”, - cənab Stoltenberq X sosial şəbəkəsində yazıb.
Mark Ruttenin 57 yaşı var. O, 2010-cu ilin oktyabrından Hollandiya hökumətinə rəhbərlik edir. 2023-cü ilə qədər o, sağçı liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri olub. 2023-cü ildə baş nazir koalisiya artan miqrasiya məsələsində razılığa gələ bilmədiyi üçün hökumətinin istefasını elan edib. Onun hökuməti yeni kabinet təyin olunana qədər öz öhdəliklərini yerinə yetirir.
Yens Stoltenberqin 65 yaşı var və 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun iki dörd illik səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatmışdı, lakin müttəfiqləri Rusiya-Ukrayna münaqişəsi fonunda onun səlahiyyət müddətini iki dəfə bir il uzatmışdılar. Cənab Stoltenberq NATO-nun baş katibi təyin olunmazdan əvvəl Norveçin baş naziri olub və federal hökumətdə digər vəzifələrdə çalışıb. O, Sosial Demokrat İşçi Partiyasına rəhbərlik edib.
S.ELAY
XQ