Rusiya Prezidenti Vladimir Putin bazar günü Krım və Dağıstanda baş verənlərlə bağlı mütəmadi olaraq xəbərlər alıb və göstərişlər verib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Xəbəri “Anadolu” yayıb.
Onun sözlərinə görə, Rusiya lideri zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı məlumat almaqda davam edir.
“Prezident Kremldə işləyir. Təbii ki, o, Krıma raket hücumu nəticəsində xəsarət alanlara necə yardım göstərildiyi, yaralananlara, yaxınlarına, yaxınlarını itirənlərə necə yardım göstərildiyi barədə məlumat almaqda davam edir”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
O qeyd edib ki, Krımdakı raket hücumu ilə Dağıstandakı terror aktlarının əlaqəli olub-olmaması ilə bağlı nəticəni istintaq orqanları verməlidir.
Peskov həmçinin qeyd edib ki, Moskva Dağıstanda terror aktı zamanı 2000-ci illərdəki vəziyyətə qayıtmaqdan qorxmur, çünki “indi ölkə tamam başqadır”.
Mətbuat katibi qeyd edib ki, Rusiya “dost olmayan ölkələrdən heç bir başsağlığı teleqramı və ya terror aktlarını pisləyən fikirlər almayıb”.
P.ƏMİRCANOV
XQ