NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya ilə KXDR arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi demokratik ölkələri birləşməyə məcbur edir. Onun sözlərinə görə, “avtoritar rejimlər”, o cümlədən Rusiya Federasiyası, Şimali Koreya və İran “bir-birini heç vaxt olmadığı kimi dəstəkləyir”.
Stoltenberq Ottavaya səfəri zamanı deyib: "Onlar getdikcə birləşəndə - Şimali Koreya və Çin, İran, Rusiya kimi avtoritar rejimlər - o zaman bizim azadlıq və demokratiyaya inanan ölkələr kimi birləşməyimiz daha vacibdir".
Yens Stoltenberq əlavə edib ki, KXDR və Rusiya arasında münasibətlərin inkişafı NATO-nun gücləndirilməsi və alyansın üzvü olmayan, lakin “dəyərləri paylaşan” ölkələri müttəfiq kimi cəlb etmək zərurətini təsdiqləyir: Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya. Bu ölkələrin liderləri iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət olunublar.
İyunun 18-19-da Rusiya prezidenti Vladimir Putin KXDR-də dövlət səfərində olub. O, KXDR lideri Kim Çen Inla görüş keçirib, ondan sonra tərəflər Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Müqavilə, xüsusilə, iştirakçılardan birinə qarşı təcavüz halında qarşılıqlı yardımın təmin edilməsini nəzərdə tutur. Cənab Putin, həmçinin KXDR ilə hərbi-texniki əməkdaşlığın inkişafına icazə verib.
S.ELAY
XQ