Cənubi Koreya Qazaxıstan üçün etibarlı strateji tərəfdaşdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Cənubi Koreyadan olan həmkarı Yun Seok Yeol ilə məhdud tərkibdə görüşündə deyib.
“İki ölkə arasında ənənəvi dostluğa əsaslanan münasibətlərin dərin kökləri var. Biz bütün səviyyələrdə sıx əlaqələr qurmuşuq. Bizim ümumi gündəliyimizdəki məsələlər işgüzar ruhda və konstruktiv əsaslarla həll olunur. Bu gün ikitərəfli ticarət dövriyyəsinin həcmi 6 milyard dollara çatıb. Təbii ki, bu, birgə səylərin nəticəsidir. Biz irimiqyaslı iqtisadi layihələr həyata keçirmişik, investisiya əməkdaşlığımız ildən-ilə genişlənir. Hazırda Qazaxıstanda Koreya kapitalının iştirakı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Mədəni və humanitar əlaqələr fəal inkişaf edir. Qazaxıstandakı Koreya diasporu “dostluğun qızıl körpüsü” olmaqla xalqlar arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verir. Biz çoxşaxəli qarşılıqlı fəaliyyətimizi daha da genişləndirməkdə və Qazaxıstan-Koreya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarmaqda maraqlıyıq”, - deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti Cənubi Koreya Prezidentinin səfərinin ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verəcəyinə əminliyini ifadə edib.
Bu arada Yun Seok Yeol iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasının 15-ci ildönümü ərəfəsində Qazaxıstana səfər etməkdən çox məmnun olduğunu vurğulayıb.
P.ƏMİRCANOV
XQ