"Fransa "Mirage- 2000" qırıcılarını Ukraynaya təhvil verəcək"

post-img

Fransa "Mirage-2000" qırıcılarını Ukraynaya təhvil verəcək. Bu barədə ölkə prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, Fransa bu təyyarələr üçün ukraynalı pilotların hazırlanmasını da öz üzərinə götürəcək. Təlim Fransada keçiriləcək.

"Sabah yeni əməkdaşlıq proqramına başlayacağıq və Ukraynaya torpaqlarını və hava məkanını qorumağa imkan verəcək "Mirage-2000" döyüş təyyarələrinin tədarükünü elan edəcəyik. Sabahdan pilot təlim proqramına başlayırıq və bu təyyarələri ilin sonuna qədər təhvil verəcəyik ",-Makron bildirib.

O, dəqiq neçə təyyarənin veriləcəyini açıqlamayıb. Ukraynalı pilotlar üçün təlim proqramı bu yay başlayacaq.

"Onları Fransada öyrətmək üçün bizə 5-6 ay lazımdır ki, ilin sonuna qədər hazır olsunlar", - Makron vurğulayıb.

Bundan əlavə, Fransa prezidenti ukraynalı əsgərlərdən ibarət “Fransız briqadası” yaratmaq niyyətində olduğunu açıqlayıb: Fransa 4500 ukraynalı əsgərin təlim və geyimlə təmin olunmasını öz üzərinə götürəcək.

O, həmçinin vurğulayıb ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə edilməlidir, lakin “bu məqam hələ çatmayıb, çünki Rusiya irəliləməkdə davam edir”.

Xatırladaq ki, "Mirage- 2000" 1970-ci illərdə hazırlanmış və 2007-ci ilə qədər istehsal edilmiş döyüş təyyarəsidir. Ümumilikdə, Fransa Hərbi Hava Qüvvələri üçün 300-dən çox təyyarə istehsal edilib. 

Fransa prezidenti, həmçinin təsdiqləyib ki, Ukrayna Fransanın raketləri ilə Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirə bilər, lakin “mülki əhaliyə deyil”. Onun sözlərinə görə, Fransa sülh tərəfdarıdır, lakin “sülh Ukraynanın kapitulyasiyası demək deyil”.

S.ELAY

XQ

 

Dünya