ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında atəşkəs məsələsini müzakirə ediblər. Məlumatı “Anadolu” verib.
ABŞ Dövlət Departamenti bildirib ki, Blinken və Quterreş Qəzzada tərəflər arasında yubanmadan atəşkəs əldə etməyin vacibliyi barədə razılığa gəliblər. Hər ikisi vurğulayıb ki, əsas prioritet Qəzzada məhbusların azad edilməsinə və Qəzzaya humanitar yardımın artırılmasına imkan verəcək atəşkəsin tezliklə bərqərar olmasıdır.
Görüşdə Blinken ABŞ-ın üç fazalı atəşkəs təklifini dəstəklədiyi üçün baş katibə təşəkkür edib.
Həmsöhbətlər qeyd ediblər ki, Qəzza zolağında köməyə ehtiyacı olan fələstinlilərin əsas ehtiyaclarının təcili ödənilməsi üçün səylər gücləndirilməlidir.
Blinken və Quterreş Qəzzadakı vəziyyətlə yanaşı, Ukrayna və Sudanı da müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ