Rusiya bir sıra Qərb ölkələrinin kosmosu hərbi əməliyyatlar meydanına çevirmək istəyindən narahatdır, onu silahlardan və münaqişələrdən azad saxlamaq lazımdır. Brlə bir bəyanatla “Roskosmos”un rəhbəri Yuri Borisov çıxış edib. Məlumatı “İzvestiya.ru” verib.
“Bir sıra Qərb dövlətlərinin kosmosu mümkün hərbi əməliyyatlar meydanına çevirmək istəyi xüsusi narahatlıq doğurur. Kosmosu silahlardan və münaqişələrdən azad saxlamaq lazımdır”, - o, Moskvada BRİKS-ə üzv ölkələrin kosmik agentlikləri rəhbərlərinin görüşü zamanı qeyd edib.
Onun fikrincə, kosmos insanın rifahının inkişafına və artmasına töhfə verməkdə davam etməlidir.
Mayın 20-də BMT Təhlükəsizlik Şurası kosmosda silahlanma yarışının qarşısının alınmasına yönəlmiş Rusiya qətnamə layihəsini qəbul etməyib. Sənəd tələb olunan 15 səsdən doqquzunu toplaya bilməyib. Qətnamənin lehinə və əleyhinə eyni sayda – 7 ölkə səs verib. Bir dövlət isə bitərəf qalıb. Sənədə Rusiya, Çin, Əlcəzair, Qayana, Ekvador, Mozambik və Syerra-Leone səs verib. İsveçrə bitərəf qalıb. ABŞ , Fransa, İngiltərə, Yaponiya, Sloveniya, Koreya Respublikası və Malta sənədə qarşı çıxıb.
P.ƏMİRCANOV
XQ