Fransa Ədliyyə Nazirliyi ölkədə məhbusların sayının bütün rekordları keçdiyi barədə hesabat dərc edib. Bu barədə aprelin 30-da Le Figaro qəzeti məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib.
2024-cü il aprelin 1-nə məhbusların sayı 77 450 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 4 370 nəfər çoxdur. Onların sayının artması ilə eyni vaxtda çarpayı çatışmazlığı səbəbindən kameraların döşəməsində yatmağa məcbur olanların sayı da artıb.
“Bir il əvvəl 2151 məhbus olduğu halda aprelin 1-nə 3307 məhbus döşəmədə döşəklərdə yatırdı. İl ərzində onların sayı 6 faiz artıb. Aprelin 1-nə olan məlumata görə, Fransa həbsxanalarında cəmi 61 570 aktiv çarpayı olub”, - qəzet aydınlaşdırır.
“Le Figaro”nun yazdığına görə, Avropa Şurası keçən ay Fransa həbsxanalarında sıxlıq problemindən “dərin narahatlığını” ifadə edib. Artıq ölkə hakimiyyəti məhbusların sürətlə artmasına qarşı mübarizə aparmağa cəhdlər edib. Belə ki, bir aya qədər həbs cəzası qadağan edilib, ev dustaqlığına və ictimai işlərə üstünlük verilib. Lakin bu tədbirlər nəticəsiz qalıb. Fransa hökuməti 2027-ci ilə qədər 15 000 yeni çarpayı hazırlamaqla həbsxanaların sıxlığı problemini həll etməyə ümid edir.
P.ƏMİRCANOV
XQ