Sel və daşqınlar nəticəsində Pakistanda ölənlərin sayı 100-ə çatıb

post-img

Pakistanın Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində aprelin 13-dən başlayan sel və daşqınlar, həmçinin ildırım vurması nəticəsində həlak olanların sayı 98 nəfər olub. Onların 21-i Pəncab əyalətində taxıl tarlasında işləyərkən ildırım vurmadan həyatını itirən fermerlərdir. Təbii fəlakət nəticəsində 89 adam müxtəlif dərəcədə xəsarət alıb. 

Bu əyalətlərdə yüzlərlə hektar əkin sahəsi yararsız hala düşüb.     

Pakistan mətbuatının yazdığı məlumata görə, 3261 fərdi ev tam və qismən dağılıb, mindən çox ev heyvanı tələf olub.     

Aprel ayında Bəlucistan əyalətinə normadan üç dəfə artıq yağış düşüb, ölkə üzrə isə bu ay normadan iki dəfə çox yağış yağıb.

Sel və daşqınlar nəticəsində ölkədə magistral və kənd yolları yararsız hala düşüb, körpülər qismən və ya tam dağılıb. Təbii fəlakət zonalarında qəza-xilasetmə işlərinə yüzlərlə adam və texnika cəlb olunub, əhali təhlükəsiz ərazilərə köçürülüb, onlara hər cür qayğı göstərilir. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad       

 

 

 

 

Dünya