Qazaxıstan prezidenti daşqın bölgəsinə səfər edib

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daşqınlardan zərər çəkmiş Şimali Qazaxıstan vilayətinə gəlib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

İşçi səfəri Qızıljar rayonu, Petropavlovsk şəhərinin kənarları, həmçinin Sergeevsk su anbarı üzərində uçuşla başlayıb.

Vilayətin akimi Qauez Nurmuxambetov prezidentə məlumat verib ki, daşqın dalğası Qızıljar, Yeşil, Şal Akın rayonlarından və Petropavlovsk şəhərindən keçib. Altı rayonda fövqəladə vəziyyət elan edilib. Bu günə kimi 2000-dən çox yaşayış binasını su basıb, 10345 nəfər təxliyə edilib.

Daşqınlara qarşı mübarizə tədbirlərinə ümumilikdə 5270 nəfər və 906 texnika cəlb olunub. Həyati təmin edən infrastrukturun bərpası istiqamətində işlər aparılır. Təbii fəlakətdən zərər çəkənlərə dəymiş maddi ziyanın qiymətləndirilməsi və ödənilməsi üçün komissiya yaradılıb.

Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qazaxıstanda daşqın vəziyyəti ilə əlaqədar bir sıra yaşayış məntəqələrindən 111 mindən çox insan təxliyə edilib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev daşqınları ölkədə son 80 ilin ən dəhşətli təbii fəlakəti adlandırıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya