Milyarder Oleq Deripaskanın "Rusal" şirkəti Rusiyadan alüminium və digər metalların idxalını qadağan edən ABŞ və Böyük Britaniyanın yeni sanksiyaları fonunda Rusiya hökumətindən təcili dəstək istəyib.
Rusiya KİV-i yazır ki, "Rusal" Rusiya hakimiyyətindən 2023-cü il üçün ümumi ixrac həcminin yarısını "Rosrezerv"dən köhnə qiymətlərlə (sanksiyaların tətbiqindən əvvəl) almağı, həmçinin əlvan metallurgiya müəssisələrini ixrac rüsumlarından azad etməyi xahiş edir.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, şirkət, həmçinin hökumətə hasilatın cari həcmin dörddə biri qədər azaldılması riskləri barədə xəbərdarlıq edib. Başqa bir mənbə bildirib ki, "Rusal"ın təklifi Nazirlər Kabinetinə “işlək qaydada göndərilib və hələ rəsmiləşdirilməyib”.
“Kommersant”ın məlumatlı mənbəsinin dediyinə görə, ABŞ və Böyük Britaniya sanksiyaları “Rusal”ın ixracının demək olar ki, üçdə birinə təsir edə bilər – bu, 1,5 milyon tondur. Onun sözlərinə görə, şirkət hesab edir ki, qadağa yarımfabrikatların və əlavə dəyərli məhsulların ixracına təsir göstərə bilər.
“ABŞ-ın Türkiyə və Çin kimi üçüncü ölkələri Rusiya ilə əlaqələri kəsməyə məcbur etmək cəhdləri vəziyyəti daha da çətinləşdirir. Bu, xüsusilə qlobal istehsal şəbəkələrinin bir-birinə bağlı xarakterini nəzərə alsaq, təchizat zəncirimiz üçün birbaşa təhlükə yaradır”, - deyə mənbə jurnalistlərə bildirib. O qeyd edib ki, bu vəziyyətdə şirkət anbarlara məhsul göndərməli olacaq və onlar demək olar ki, doludur.
S.ELAY
XQ