ABŞ "Crocus" terrorunda İŞİD-i günahlandırır

post-img

Dünya martın 22-də silahlı şəxslərin hücumu nəticəsində 133 nəfərin həyatını itirdiyi Moskva yaxınlığındakı Crocus City Hallda törədilən terror aktına başsağlığı verməkdə davam edir. ABŞ “iyrənc terror hücumunu qətiyyətlə pisləyir” və hücumda İslam Dövlətini günahlandırır. Amerika baş verənlərdə “Ukrayna izini” görmür. 

ABŞ Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən dəhşətli terror aktını “qətiyyətlə pisləyir” və bəyan edir ki, “İslam Dövləti” terror qruplaşması ümumi düşməndir.

“Biz yaxınlarını itirənlərə və günahsız mülki şəxslərə qarşı bu ağlasığmaz hücumlar nəticəsində yaralanan və ya zərər çəkənlərə dərin hüznlə başsağlığı veririk. İŞİD hər yerdə məğlub edilməli olan ümumi terrorçu düşməndir",-Ağ Evin mətbuat katibi Karine Jean-Pierre açıqlama verib. 

ABŞ-ın vitse-prezidenti Kamala Harris də hadisə ilə bağlı başsağlığı verib.

"Bu terror hücumunda baş verənlər və ölənlərin sayı açıq-aydın faciədir və biz hamımız bu ailələrə başsağlığı verməliyik", -xanım Harris ABC telekanalına müsahibəsində vurğulayıb.

O, Ukraynanın terror aktında əli olması ilə bağlı şübhələri rədd edib: "Heç bir sübut yoxdur və əslində, biz bilirik ki, baş verənlərə görə İD məsuliyyət daşıyır".

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uatson “Reuters”ə açıqlamasında Ukraynanın bu işə qarışmadığını bildirib. “ “İslam Dövləti” bu hücuma görə bütün məsuliyyəti öz üzərinə götürür. Ukraynanın heç bir iştirakı yoxdur”, - Uotson vurğulayıb. O qeyd edib ki, ABŞ “Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumatları Rusiya ilə paylaşıb”.

Müharibə Araşdırmaları İnstitutu (İSW) da hesab edir ki, Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktına görə məsuliyyəti İslam Dövləti (İŞİD) daşıyır. ISW-nin hesabatına görə, İŞİD xəbər agentliyi "Amaq" bildirib ki, İD döyüşçüləri Moskvanın kənarında "xristianların böyük yığıncağına" hücum edərək, "yüzlərlə insanı öldürüb, yaralayıb". 

Agentlik daha sonra "İslam Dövləti" bayrağı önündə dayanan dörd yaraqlının bulanıq şəklini yayıb və "son illərdəki ən qəddar hücumu" həyata keçirdiklərini iddia edib. Təhlilçilər bildirirlər ki, mesaj üslub, brendinq və dil baxımından "Amaq"ın digər hücumlarla bağlı əvvəlki açıqlamalarına uyğundur. Analitiklər hücumun "İslam Dövləti"nin Əfqanıstan qolu olan İD-Xorasan terror təşkilatının nümayəndələri tərəfindən həyata keçirilə biləcəyini ehtimal edirlər. Terror təşkilatının son 18 ayda Mərkəzi Asiyadan kənarda ən azı dörd səs-küylü hücum həyata keçirib.

Rusiya prezidenti Vladimir Putin martın 23-də müraciətində bildirib ki, terrorçular “qaçmağa cəhd edib və Ukraynaya doğru irəliləyiblər”, ilkin məlumata görə, “Ukrayna tərəfi onların dövlət sərhədini keçmələri üçün pəncərə hazırlayıb”. Federal Təhlükəsizlik Xidməti terrorçuların Rusiya-Ukrayna sərhədini keçməyi planlaşdırdıqlarını, onların Ukrayna tərəfində “müvafiq əlaqələri” olduğunu iddia edib.

S.ELAY

XQ

 

Dünya