Bir sıra Avropa İttifaqı ölkələri Qərbin Ukraynaya yardımını artıra bilməsi üçün pensiya fondlarını və sığorta şirkətlərini müdafiə sektoruna sərmayə qoymağa dəvət edir. Bu barədə "EUobserver" portalı mənbələrə istinadən xəbər verir.
Anonimlik şərti ilə danışan avropalı diplomatın sözlərinə görə, "Məqsəd müdafiəyə investisiyaları stimullaşdırmaqdır ki, qanun layihəsini təkcə hökumətlər dəstəkləməsin".
Onun sözlərinə görə, bu ideya bir neçə dövlət, o cümlədən Almaniya və Hollandiya tərəfindən dəstəklənib.
Hollandiya Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, “təchizat zəncirində istehsalın sürətlə artırılması məqsədilə müdafiə sektoruna investisiyaların artırılması üçün müxtəlif variantlar nəzərdən keçirilir”.
Eyni zamanda, "EUobserver" qeyd edir ki, hazırda pensiya fondlarının bunun necə baş verməsi barədə heç bir fikri yoxdur.
"Biz silah və sursat almırıq və tanklar sifariş etmirik",- Hollandiya pensiya fondunun nümayəndəsi bildirib.
S.ELAY
XQ