Stoltenberq: İsveçdə nüvə silahı yerləşdirilməyəcək

post-img

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, alyans İsveçdə nüvə silahı yerləşdirməyi planlaşdırmır. İsveçin Baş naziri Ulf Kristersson isə qeyd edib ki, ölkə öz ərazisində nə nüvə silahına, nə də NATO hərbi bazalarına ehtiyac görmür. Məlumatı “İnterfaks.ru” verib.

“Bizim ərazilərində nüvə silahı olan NATO müttəfiqlərinin sayını artırmaq planımız yoxdur”, – Stoltenberq Kristerssonla birgə mətbuat konfransında deyib.

Baş katibin sözlərinə görə, alyans adi silahlı qüvvələrlə bağlı vəziyyəti daim qiymətləndirir, lakin NATO-nun döyüş qruplarını İsveçdə yerləşdirmək planları yoxdur.

Kristersson əlavə edib ki, ölkə NATO-nun bütün müdafiə imkanlarına ehtiyac olduğunu anlayır, lakin sülh dövründə nüvə silahlarının və alyansın hərbi bazalarının öz ərazisində yerləşdirilməsinin mənasını görmür.

Ötən həftə Kristersson ölkənin NATO-ya daxil olması ilə bağlı sənədləri ABŞ-ın dövlət katibi Antoni Blinkenə təhvil verib və bununla da ölkənin alyansa daxil olması prosedurunu başa çatdırıb. Bazar ertəsi NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya